Volqoqrad şəhərində yerləşən Lukoil-Volqoqradneftepererabotka neft emalı zavoduna bu gecə Ukrayna dronlarla hücum edib. Hücum nəticəsində zavodda yanğın baş verib və şəhərdə ən azı 20 partlayış səsi eşidilib.
Korrekt.az xəbər verir ki, yerli ictimai qrupların verdiyi məlumatlara görə, partlayışlar əsasən şəhərin Krasnoarmeyski rayonunda qeydə alınıb. Şahidlər səmada parlaq parıltıların göründüyünü və dronların alçaqdan uçduğunu bildiriblər.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov hava hücumundan müdafiə qüvvələrinin dron hücumunu gecə ərzində dəf etdiyini açıqlayıb. Rəsmi məlumatlara görə, hücum nəticəsində heç bir itki və ya obyektə ziyan dəyməyib.
Lukoil-Volqoqradneftepererabotka, Rusiyanın ən böyük neft emalı zavodlarından biridir və illik 15,7 milyon ton neft emal etmək gücünə malikdir. Zavod, həmçinin benzin, dizel yanacağı və aviasiya yanacağı istehsal edir.
Bu neft emalı zavoduna daha əvvəl də bir neçə dəfə hücumlar olmuşdu. 18 sentyabr və 6 noyabr tarixlərində Ukrayna qüvvələri zavodun ilkin emal və hidrokrekinq qurğularına zərbə endirmişdi. Hücumlar nəticəsində zavodun fəaliyyətində dayanmalar olmuş, bu da Rusiyanın neft məhsullarının ixracını azaldıb.





















