Ukrayna və Niderland birgə pilotsuz uçuş aparatlarının istehsalına start verir. Korrekt.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, bu gün Niderlandın müdafiə naziri Ruben Brekelmans ilə vacib sənəd imzalanıb.
Sənəd Ukrayna istehsalı olan pilotsuz sistemlərin həm Ukraynada, həm də Niderland ərazisində birgə istehsalına imkan yaradır.
“İstehsal Ukrayna və Niderland arasında bölüşdürüləcək. Dronlar Niderland tərəfindən satın alınaraq Ukraynanın Müdafiə Qüvvələrinə təhvil veriləcək. Ən yaxşı Ukrayna silahlarının istehsalını tərəfdaşlarla birlikdə genişləndirməyə davam edirik”, – Şmıqal bildirib.
Nazir əlavə edib ki, Niderland Ukraynanın “PURL” (Ukraynanın Prioritet Tələblər Siyahısı) təşəbbüsü çərçivəsində 250 milyon avro ayıracağını açıqlayıb.
Bundan əvvəl də Ukrayna silah, o cümlədən dron istehsalını genişləndirməyə maraq göstərdiyini bildirib.
Noyabrın 30-da Ukrayna və Norveç birgə dron istehsalı barədə razılığa gəlib. 2026-cı ildə pilot istehsal xəttinin sürətlə qurulması və paralel şəkildə istehsal güclərinin artırılması planlaşdırılır.
Həmçinin daha əvvəl Ukrayna və ABŞ dron-interseptorların birgə istehsalına başlayıb.





















