image-img-20261112-wa0004backend

“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır

image-ads-728x90

2025-ci ildə çəkiliş məkanlarının seçilməsi ilə başlayan əməkdaşlıq Azərbaycanın zəngin turizm potensialının, mədəni irsinin və müxtəlif bölgələrinin yaponiyalı auditoriyaya tanıdılmasına yönəlmiş davamlı tərəfdaşlığa çevrilib. Yaponiyanın “VIVANT” serialının ikinci mövsümünün istehsalı ilə bağlı “Tokyo Broadcasting System Television”la (TBS) əməkdaşlıq çərçivəsində Azərbaycan Turizm Bürosu (ATB) televiziya layihəsinin ölkəmizin turizm potensialının tanıdılması üçün yaratdığı imkanlardan istifadə edir.

ATB-nin əməkdaşlığa töhfəsi çəkilişlər başlamazdan öncəki mərhələdə, istehsal qrupuna Azərbaycanda çəkiliş məkanlarının seçilməsində dəstək göstərilməsi ilə başlayıb. Əməkdaşlığın məqsədi yalnız ölkənin mənzərəli guşələrini ekran vasitəsilə nümayiş etdirmək deyil, həmçinin Azərbaycanı beynəlxalq auditoriyaya tanıtmaq olub.

“VIVANT” serialının rəsmi sosial media hesablarında Azərbaycanın çəkiliş məkanlarını əks etdirən 20-dən çox paylaşım yayımlanıb. Serialın rəsmi platformasında Azərbaycana həsr olunmuş xüsusi bölmə də yaradılıb. Bununla yanaşı, TBS-in televiziya proqramlarında, serialın aktyor heyəti ilə müsahibələrdə, media materiallarında Azərbaycan və ölkəmizdəki çəkiliş təcrübəsi haqqında məlumatlar təqdim olunub.

Serial vasitəsilə yaranan maraq turizm məhsullarında da öz əksini tapır. Yaponiyanın turizm şirkətlərindən biri serialın çəkiliş məkanlarını əhatə edən xüsusi Azərbaycan turları təklif edir. Bu turlar tamaşaçılara ekran vasitəsilə tanıdıqları məkanları şəxsən ziyarət etmək imkanı yaradır. Bundan əlavə, 2027-ci ilin mart ayında Yaponiyada ölkə üzrə satışa çıxarılması planlaşdırılan “VIVANT” rəsmi bələdçi kitabında Azərbaycana həsr olunmuş xüsusi bölmə yer alacaq.

Qeyd edək ki, Yaponiya vətəndaşları üçün tətbiq edilən vizasız rejim də Azərbaycana səfərləri asanlaşdırır. 2026-cı il iyulun 1-dən 2027-ci il iyulun 1-dək Yaponiya vətəndaşları Azərbaycana üç dəfəyədək vizasız səfər edə və hər səfər zamanı 30 günədək ölkədə qala bilərlər. “VIVANT” serialının yaratdığı maraqla yanaşı, bu imkan yaponiyalı turistlərin Azərbaycanın mədəni irsi, və qonaqpərvərliyi ilə yaxından tanış olması üçün əlavə şərait yaradır.

Əməkdaşlıq çərçivəsində Azərbaycanın tanıdılması sosial platformalar ilə yanaşı, digər təşəbbüslərlə də davam etdirilir. Bu təşəbbüslərə Yaponiyanın “Koikeya” brendi ilə Azərbaycan mətbəxindən ilhamlanan məhsul üzrə əməkdaşlıq, eləcə də “VIVANT Immersive Mission” təcrübəsi çərçivəsində Azərbaycan narının dadının təqdim olunması daxildir. Serialın “Netflix” platformasında beynəlxalq auditoriyaya təqdim edilməsi isə Azərbaycanın Yaponiya ilə yanaşı, digər ölkələrdə də tanıdılması üçün əlavə imkan yaradacaq.

Əməkdaşlığın davamlı xarakteri noyabrın 11-də ATB tərəfindən Yaponiyada keçirilən turizm tədbirləri çərçivəsində Tokioda təşkil olunan şam yeməyində də vurğulanıb. Tədbirdə “VIVANT” serialının prodüseri Kazutaka İida, Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbov və ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid iştirak ediblər. Görüş əməkdaşlığın nəticələrini qeyd etmək, onun gələcək inkişaf perspektivlərini və yeni əməkdaşlıq imkanlarını müzakirə etmək üçün mühüm platforma rolunu oynayıb.

2025-ci ildə çəkiliş məkanlarının seçilməsi ilə başlayan əməkdaşlıq hazırda turizm marşrutları, mədəni təşəbbüslər və Yaponiya turizm sektoru ilə tərəfdaşlıq vasitəsilə davam etdirilir. Bu təşəbbüslər “VIVANT” serialının tamaşaçılarında Azərbaycanı ziyarət etmək marağının formalaşmasına və ölkəmizin Yaponiya bazarında tanıdılmasına xidmət edir.

image-img-20261112-wa0005 image-img-20261112-wa0006 image-img-20261112-wa0004



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki