1 yanvar 2026-cı il tarixindən etibarən Gürcüstana daxil olan bütün turistlərdən tibbi və qəza sığortasının mövcudluğunu təsdiq edən sənəd tələb olunacaq. Bu barədə Gürcüstan səfirliyi məlumat yayıb.
Korrekt.az xəbər verir ki, Gürcüstanın “Turizm haqqında” Qanununa uyğun olaraq, ölkəyə səfər edən hər bir turist sərhəd keçidi zamanı sığorta sənədini gürcü və ya ingilis dilində, fiziki və ya elektron formada təqdim etməlidir. Sığorta sənədi həm Gürcüstan, həm də beynəlxalq sığorta şirkətləri tərəfindən verilə bilər.
Qeyd olunur ki, sığortanın minimum məbləği 30 000 lari təşkil etməlidir. Sığorta paketi aşağıdakı məlumatları əhatə etməlidir:
sığorta müqaviləsinin tərəfləri;
əhatə dairəsi;
sığorta predmeti;
sığorta müddətinin başlanğıc və bitmə tarixləri;
sığorta riskləri;
sığorta məbləği;
sığorta ödənişinin məbləği, ödəniş yeri və müddəti.
Bildirilib ki, sığorta turistin Gürcüstana daxil olduğu andan ölkədə qaldığı bütün müddət ərzində qüvvədə olmalıdır.





















