image-935631_srcbackend

Azərbaycanlı məşhur professor ABŞ-da həbs edildi

image-ads-728x90

ABŞ İmmiqrasiya və Gömrük Xidməti (ICE) tanınmış azərbaycanlı alim, neyrobioloq, Nyu-York ştatındakı Buffalo Universitetinin professoru Şövqi Hüseynovu saxlayıb və onun deportasiyası ilə bağlı prosedurlara başlayıb. Bu barədə The Investigative Post nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, bu hadisə ABŞ Prezidenti Donald Tramp administrasiyasının kütləvi deportasiya proqramının yalnız “ağır cinayətkarlar”a qarşı yönəldiyi barədə iddialarla ziddiyyət təşkil edir. Bildirilir ki, təhlükəsizlik orqanları ABŞ-da qanuni yaşayan, elmi fəaliyyəti ilə tanınan şəxsləri də saxlayaraq deportasiya prosesinə cəlb edir.

Məlumata görə, Şövqi Hüseynovun heç bir cinayət qeydi yoxdur və onun 2029-cu ilə qədər ABŞ-da işləməsinə icazə verən vizası mövcuddur. Hadisə yanvarın 7-də baş verib. Hüseynov Nyu-Yorkun Buffalo şəhərini Kanadanın Ontario əyaləti ilə birləşdirən Niaqara çayı üzərindəki Sülh Körpüsündən keçərkən səhvən qarşıdan gələn nəqliyyat zolağına daxil olub və nəticədə Kanada ərazisinə keçib. Geri qayıdarkən isə ABŞ sərhəd rəsmiləri tərəfindən saxlanılıb.
ABŞ Gömrük və Sərhəd Mühafizəsi bildirib ki, agentlər Hüseynovun ölkədən deportasiya oluna biləcəyini müəyyən edərək onu ICE-yə təhvil veriblər. Həbsin konkret hüquqi səbəbi açıqlanmayıb. Hazırda Şövqi Hüseynov bir həftəyə yaxındır ki, Batavia Saxlama Mərkəzində saxlanılır.
Buffalo Universitetinin sözçüsü Con Della Kontradanın sözlərinə görə, Hüseynov 2022-ci ildən etibarən ABŞ Daxili Təhlükəsizlik Departamentinin verdiyi iş icazəsi əsasında Ceykobs Tibb və Biotibbi Elmlər Məktəbində tədqiqatçı kimi çalışır. ICE isə onun ABŞ-a universitet tələbələri və tədqiqatçılar üçün nəzərdə tutulan J-1 vizası ilə daxil olduğunu, hazırda isə başqa viza və ya hüquqi status üçün müraciətinin baxılma mərhələsində olduğunu bildirib. Agentlik Hüseynovun qanuni statusda olmadığını iddia edərək deportasiya tələbini irəli sürüb.
Qeyd olunur ki, Şövqi Hüseynov son dörd il ərzində Ceykobs Tibb Məktəbində mürəkkəb neyrobioloji tədqiqatlar aparıb. O, opioid asılılığı olan siçanların beynində gedən bioloji prosesləri, beyin və immun sistemi arasındakı qarşılıqlı əlaqəni araşdırıb və həmkarları ilə birgə bir sıra elmi məqalələr dərc etdirib.
Onun sosial şəbəkə paylaşımlarında ailə həyatına, oğlunun idman uğurlarına, eləcə də San Dieqoda keçirilən beynəlxalq neyrobiologiya konfransında iştirakına dair qeydlər yer alıb. Hüseynov mart ayında yazdığı paylaşımda “artıq beş ildir ABŞ-da yaşadıqlarını, lakin azərbaycanlı kimliklərini, milli-mənəvi dəyərlərini qoruyub övladlarına aşıladıqlarını” bildirib və Azərbaycanı təmsil etdiklərinə görə qürur duyduğunu vurğulayıb.
Buffalo Universitetindəki həmkarı, tədqiqat professoru Maykl Morales Hüseynovu yüksək qiymətləndirərək bildirib: “O, yaxşı alim və məsuliyyətli vətəndaşdır. Çox çalışqan biridir və onunla işləmək xoş idi”. Morales əlavə edib ki, Hüseynovun həyat yoldaşı və iki azyaşlı övladı var, uşaqlardan biri ABŞ vətəndaşıdır.
The Investigative Post Hüseynovla əlaqə saxlamağa çalışsa da, ICE saxlanma mərkəzində ona edilən zənglər və mesajlar cavabsız qalıb. Alimin vəkili Sianna Maklin məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Buffalo Universiteti isə rəsmi açıqlamasında Hüseynovun həbsindən xəbərdar olduqlarını və vəziyyəti diqqətlə izlədiklərini bildirib. Qeyd olunub ki, yeni məlumatlar daxil olduqca universitet onun ailəsinə və vəkilinə müvafiq dəstək göstərəcək.
Azərbaycan mənbələrinin verdiyi məlumata görə, Şövqi Bayram oğlu Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasının Abdulla Qarayev adına Fiziologiya İnstitutunun elmi işçisidir. O, 2022-ci ildə öz hesabına elmi tədqiqat aparmaq üçün ABŞ-a səfər edib. Həmin il onun neyrobiologiya sahəsində mühüm elmi nəticələrə həsr olunmuş həmmüəllif məqaləsi nüfuzlu GILA jurnalında dərc olunub.
Şövqi Hüseynov tanınmış akademik, fizika-riyaziyyat elmləri doktoru, mərhum Hatəm Quliyevin qardaşı oğludur. Atası Bayram Hüseynov isə ölkədə tanınmış həkim kimi tanınıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki