Belarus Prezidenti Aleksandr Lukaşenko “Belji” (Belgee) avtomobil şirkətinin rəhbərliyinə tamamilə yerli istehsal komponentlərindən ibarət minik avtomobilinin hazırlanması ilə bağlı tapşırıq verib. Korrekt.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Lukaşenko bildirib ki, avtomobil istehsalında yüz faiz daxili lokallaşma ölkənin sənaye inkişafı üçün vacib şərtdir və bu hədəf bütün məsul mütəxəssislər qarşısında əsas vəzifə kimi qoyulmalıdır. Onun sözlərinə görə, məqsəd avtomobil istehsalında tam müstəqilliyə nail olmaqdır.
“Bütün avtomobillər bizim olmalıdır”, – deyə Belarus Prezidenti vurğulayıb.
Bu açıqlama Minsk Beynəlxalq Sərgi Mərkəzində 2025-ci ilin yekunlarına əsasən yüksək keyfiyyət göstəricilərinə görə mükafatlandırılan müəssisələrə Dövlət Keyfiyyət Nişanının təqdim olunması mərasimində səsləndirilib. Təltif olunan məhsullar sırasında Belgee X50 minik avtomobili də yer alıb.
Avtomobil zavodunun direktoru Gennadi Sviderskiyə müraciət edən Lukaşenko gələcəkdə müəssisə tərəfindən istehsal edilən bütün avtomobillərin Dövlət Keyfiyyət Nişanına layiq görülməsini arzuladığını bildirib.
Prezident qeyd edib ki, qlobal bazarda artan və bəzən qeyri-ədalətli rəqabət, eləcə də sürətli texnoloji inkişaf şəraitində məhsulun keyfiyyəti əsas uğur amilinə çevrilir. Onun sözlərinə görə, “Belarusda istehsal olunub” nişanı ilə buraxılan məhsullar artıq 150-dən çox ölkəyə ixrac edilir və bu coğrafiya getdikcə genişlənir.





















