image-1backend

Hakan Fidan: Türkiyə İrana hərbi müdaxilənin qəti əleyhinədir

image-ads-728x90

Türkiyənin xarici işlər naziri Hakan Fidan İrana qarşı mümkün hərbi müdaxilə ilə bağlı mövqelərini açıqlayıb. Media nümayəndələri ilə görüşdə danışan nazir bildirib ki, Ankara İrana hər hansı hərbi müdaxiləni qəti şəkildə dəstəkləmir və hesab edir ki, İran öz daxili problemlərini özü həll etməlidir.

Korrekt.az xəbər verir ki, Fidan vurğulayıb ki, Türkiyənin əsas prioriteti regionda sabitlik və təhlükəsizliyin qorunmasıdır. Onun sözlərinə görə, İran Türkiyənin sərhəd qonşusudur və iki ölkə arasında əsrlərdir dəyişməz qalan sərhədlər, sıx tarixi, sosial və ticarət əlaqələri mövcuddur. Bu baxımdan İranda baş verən proseslər Türkiyəni yaxından maraqlandırır və Ankara bu hadisələri diqqətlə izləyir.

Hakan Fidan qeyd edib ki, İranın beynəlxalq sanksiyalarla üzləşməsinin əsas səbəbləri həm regional, həm də qlobal səviyyədə yürütdüyü bəzi siyasətlərdir. Onun fikrincə, Tehran bu problemləri hərbi qarşıdurma yolu ilə deyil, diplomatik dialoq vasitəsilə həll etməlidir. Xüsusilə nüvə məsələsi ilə bağlı danışıqların diplomatiya yolu ilə aparılması İranın iqtisadi çətinliklərinin aradan qaldırılması baxımından vacibdir.

“Biz güc tətbiqinə qarşıyıq. Bölgədə yeni bir qeyri-sabitlik dalğası nə Türkiyənin, nə də region ölkələrinin maraqlarına uyğundur. Problemlər dialoq və diplomatiya yolu ilə həll edilməlidir”, – deyə nazir bildirib.

Nazir Fidan əlavə edib ki, İranda mövcud iqtisadi çətinliklərin və sosial narazılıqların xarici müdaxilə ilə deyil, daxili islahatlar və beynəlxalq təcriddən çıxış yolu tapmaqla aradan qaldırılması mümkündür. O vurğulayıb ki, İranın böyük və dinamik əhalisi var və bu potensialdan düzgün istifadə olunması ölkənin gələcəyi üçün həlledici əhəmiyyət daşıyır.

Türkiyə xarici işlər naziri sonda bildirib ki, Ankara bundan sonra da bölgədə gərginliyin artmasının qarşısını almaq, diplomatik kanalları açıq saxlamaq və regional sabitliyə töhfə vermək istiqamətində səylərini davam etdirəcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki