İran hakimiyyəti ABŞ-ın ölkədəki kütləvi etirazlara dəstək məqsədilə hərbi müdaxilə edəcəyi təqdirdə İsrailə və regiondakı ABŞ hərbi bazalarına qarşı cavab zərbələri endirəcəyi ilə hədələyib.
Korrekt.az xəbər verir ki, Ərəb televiziya kanalı “Alaraby”-nin X sosial şəbəkəsində yaydığı məlumata görə, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ tərəfindən həyata keçiriləcək istənilən hücum İsrailə və ABŞ-ın regiondakı hərbi obyektlərinə qarşı “qanuni hədəflər”ə zərbələrlə cavablandırılacaq.
Bu açıqlama ABŞ prezidenti Donald Trampın İranda avtoritar idarəetməyə qarşı davam edən kütləvi etirazların iştirakçılarına dəstək ifadə etməsindən qısa müddət sonra səsləndirilib.
Tramp: ABŞ kömək etməyə hazırdır
ABŞ prezidenti Donald Tramp özünün Truth Social platformasında paylaşım edərək bildirib:
“İran azadlığa doğru can atır, bəlkə də heç vaxt olmadığı qədər. ABŞ kömək etməyə hazırdır!”
Trampın hansı formada yardım göstərəcəyi isə hələlik açıqlanmayıb.
ABŞ-da hərbi ssenarilər müzakirə olunur
“The New York Times” nəşrinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Donald Tramp son günlər İrana qarşı mümkün hərbi zərbələrə dair yeni variantlarla bağlı məlumatlandırılıb. Bildirilir ki, o, İranda etirazların zorakılıqla yatırılmasına cavab olaraq ölkəyə qarşı hərbi əməliyyatlar aparmaq təhdidini ciddi şəkildə nəzərdən keçirir.
Mövcud vəziyyət Yaxın Şərqdə gərginliyin daha da artacağına dair narahatlıqları gücləndirib.





















