İsrailin Baş naziri Binyamin Netanyahunun aparat rəhbəri Tsaxi Braverman bu gün həbs olunub.
Korrekt.az xəbər verir ki, o, məxfi məlumatların sızması ilə bağlı aparılan istintaqa mane olmaqda şübhəli bilinir.
Məlumata görə, Braverman istintaq çərçivəsində dindirilmək üçün saxlanılıb. Bu barədə Times of Israel qəzeti məlumat yayıb. İsrail polisi həbs faktını təsdiqləyib.
Bildirilib ki, Ağır Cinayətlərə Dair İstintaq Departamentinin əməkdaşları Bravermanın evində axtarış aparıblar. Axtarış zamanı onun mobil telefonu müsadirə edilib. Braverman artıq istintaq orqanları tərəfindən dindirilib.
İş üzrə prokurorluğun nümayəndəsi Ömər Mansurun da dindirilmək üçün çağırıldığı qeyd olunur. İstintaq tədbirləri davam etdirilir.





















