image-image_750x_696f63dc5b349-1backend

Moldova prezidenti:” Biz təcili bu ölkə ilə birləşməliyik”

image-ads-728x90

Avropa və qlobal geosiyasi müstəvidə Moldova prezidenti Maya Sandunun açıqlamaları ciddi rezonans doğurub.

Korrekt.az xəbər verir ki, onun ölkənin Rumıniya ilə birləşməsi ideyasını açıq şəkildə dəstəkləməsi Moldovada və regionda kəskin müzakirələrə səbəb olub.

Maya Sandu bildirib ki, bu məsələ ilə bağlı referendum keçirilərsə, o, birləşmənin lehinə səs verəcək. Prezident bunu müasir dünyada kiçik bir dövlətin suveren və demokratik şəkildə mövcud olmasının çətinliyi ilə izah edib. “Bu gün Moldova ətrafında və dünyada baş verənlərə baxsaq, kiçik bir ölkənin müstəqil şəkildə yaşamasının nə qədər çətin olduğunu görərik”, – deyə Sandu vurğulayıb.
Eyni zamanda o, etiraf edib ki, hazırda Moldova əhalisinin əksəriyyəti Rumıniya ilə birləşməni dəstəkləmir. Buna görə də rəsmi Kişinyov əsas diqqəti Avropa İttifaqına üzvlük prosesinə yönəldib. Prezidentin sözlərinə görə, sorğular göstərir ki, vətəndaşların böyük hissəsi Aİ-yə inteqrasiyanı real və arzuolunan hədəf hesab edir.

Moldova müxalifəti isə Sandunun bu mövqeyini sərt tənqid edib. Onlar bildiriblər ki, prezident Konstitusiyanı pozur və dövlətin suverenliyini qorumaq əvəzinə, onun ləğvini təşviq edir. Müxalifət xatırladır ki, Konstitusiyada Moldovanın neytral statusu təsbit olunub, lakin Sandu bu statusdan imtina edərək NATO-ya üzvlük ideyasını dastəkləyir.

Qeyd olunur ki, 2023-cü ildə Moldovada separatizmə qarşı qanun qəbul edilib. Həmin qanuna əsasən, dövlətin təhlükəsizliyinə təhdid yaradan əməllər 20 ilədək azadlıqdan məhrumetmə, dövlətə qarşı çevriliş cəhdi isə 7 ilədək həbs cəzası ilə nəticələnə bilər. Müxalifət hesab edir ki, prezidentin açıqlamaları bu maddələr çərçivəsində araşdırılmalıdır.

Keçmiş prezident İqor Dodon Maya Sandunun müstəqil Moldovanın son prezidenti kimi tarixə düşmək istədiyini bildirib. Onun sözlərinə görə, Sandu ideallar naminə deyil, şəxsi siyasi gələcəyini düşünərək birləşmə ideyasını dəstəkləyir. Sosialist Partiyası isə prezidenti siyasi xəyanətdə ittiham edən xüsusi bəyanat yayıb və hüquq-mühafizə orqanlarını araşdırma aparmağa çağırıb.

Parlamentin keçmiş üzvü Marina Tauber Sandunun “kiçik ölkənin yaşaması çətindir” fikrini hakimiyyətin uğursuzluğunun etirafı kimi dəyərləndirib. O bildirib ki, Sandu illərdir “güclü Moldova” şüarı ilə hakimiyyətə gəlsə də, indi faktiki olaraq ölkənin inkişafına inanmadığını nümayiş etdirir.
Moldova Kommunist Partiyası da bəyanat yayaraq baş verənləri milli xəyanət kimi qiymətləndirib və suverenliyin qorunmasının vacibliyini vurğulayıb.

Bu, Maya Sandunun Rumıniya ilə birləşmə ideyasını gündəmə gətirdiyi ilk hal deyil. O, 2021-ci ildə də referendum keçirməyə hazır olduğunu bəyan etmişdi. Həmin vaxt prezident bu cür böyük layihənin yalnız əhalinin mütləq əksəriyyətinin dəstəyi ilə mümkün ola biləcəyini qeyd etmişdi.
Sorğulara əsasən, hazırda Moldova vətəndaşlarının yalnız 20–30 faizi Rumıniya ilə birləşməni dəstəkləyir, 50–60 faizi isə bu ideyaya qarşıdır. Bu məsələ Rumıniyada da aktiv şəkildə müzakirə olunur. 2024-cü ilin martında Rumıniyanın baş naziri Marsel Çolaku Moldovada yalnız rumınların yaşadığını iddia edib və moldovan dilinin ayrıca mövcudluğunu inkar edən açıqlama verib.

Siyasi birləşmə hələlik müzakirə mərhələsində olsa da, inteqrasiya digər sahələrdə sürətlə davam edir. 2023-cü ildə Moldova qazpaylama sistemini Rumıniya şirkətinə təhvil verib, elektrik enerjisinin idxalına başlanılıb. Rəsmilərin bildirdiyinə görə, iki ölkənin enerji sistemlərinin 2029-cu ilə qədər birləşdirilməsi planlaşdırılır. Həmçinin dövlət dilinin adının rumın dili kimi təsdiqlənməsi, məktəblərdə “Rumıniya tarixi” fənninin tədrisi və informasiya məkanında dəyişikliklər bu prosesin tərkib hissəsi kimi qiymətləndirilir.
Moldovalı politoloq Aleksandru Korinenko hesab edir ki, istənilən başqa ölkədə belə mövqedə olan prezident impiçmentlə üzləşə bilərdi. Onun sözlərinə görə, Moldovada isə bu cür açıqlamalar faktiki olaraq nəticəsiz qalır.
Digər politoloq Korneliu Çurea isə yaxın perspektivdə birləşmənin real olmadığını düşünür. O bildirib ki, Dnestryanı bölgə və Qaqauziya bu ideyaya qəti şəkildə qarşıdır, Avropa İttifaqı isə Moldovanın əlavə yük olmasını istəmir. Rumıniya da birləşmənin ciddi maliyyə xərcləri tələb etdiyini anlayaraq tələsmir.
Ekspertlər xatırladırlar ki, Avropa tarixində ölkələrin birləşməsi və parçalanması təcrübəsi mövcuddur. Almaniyanın yenidən birləşməsi, Çexoslovakiyanın bölünməsi və Yuqoslaviyanın dağılması buna nümunə kimi göstərilir. Moldova ətrafında baş verən proseslərin isə region üçün hansı nəticələr doğuracağı hələlik açıq sual olaraq qalır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki