Rusiya ordusu “Şahed” tipli zərbə dronlarını hava hədəflərinə qarşı raketlərlə silahlandırmaq istiqamətində təcrübələrini davam etdirir. Söhbət “Gəran-4” adlı reaktiv drona “hava-hava” sinfinə aid R-60 raketinin quraşdırılmasından gedir. Bu variant əvvəlki modifikasiyalarla müqayisədə daha təhlükəli hesab olunur. Bu barədə Defense Express mənbələrə istinadən yazır.
Ukrayna Müdafiə Qüvvələri yaxın vaxtlarda məhz bu tip reaktiv dronu vuraraq məhv edib. Onun reaktiv mühərrikli olduğunu korpusda yerləşən xarakterik hava girişi təsdiqləyir.
R-60 raketinin “Gəran-4” üzərində tətbiqi texniki baxımdan daha əvvəl qeydə alınmış “Gəran-2” variantından ciddi şəkildə fərqlənmir. Raket dronun gövdəsinin mərkəzinə, standart aviasiya pilonuna bərkidilir. Operator dronu idarə edərək videokameradan görüntü alır, hədəfi aşkar edir, raketin infraqırmızı tuşlama başlığı ilə onu kilidləyir və atışı həyata keçirir.
Bununla belə, R-60 raketinin məhz reaktiv “Şahed” üzərində istifadəsi Ukrayna pilotları üçün daha ciddi təhlükə yaradır. “Gəran-4” 350–500 km/saat sürət yığa bilir, halbuki vintli “Şahed”lərin sürəti təxminən 180 km/saatdır. Bu, reaktiv dronun helikopterlərə və təyyarələrə daha sürətlə yaxınlaşmasına və daha aktiv manevr etməsinə imkan verir.
R-60 raketinin buraxılış məsafəsi 7–8 kilometrə çatır. Lakin operator üçün əsas çətinlik hədəfin infraqırmızı başlıqla tutulmasıdır, çünki raketin baxış bucağı kifayət qədər dardır – versiyadan asılı olaraq 24–34 dərəcə (R-60 və ya R-60M).
Mütəxəssislər istisna etmirlər ki, gələcəkdə Rusiya reaktiv dronlara daşınan zenit-raket kompleksləri də quraşdıra bilər. Bu cür cəhdlər artıq yanvarın əvvəlində “Gəran-2” üzərində müşahidə olunub. Eyni zamanda “Gəran-5” adlanan yeni istiqamət də diqqət mərkəzindədir. Bu dron İran istehsalı olan Karrar PUA-sıdır və İran təcrübəsinə əsasən “hava-hava” raketləri daşımaq imkanına malikdir.
Qeyd edək ki, yanvarın 11-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəsmi şəkildə bildirmişdi ki, Rusiya Ukraynaya qarşı hücumlarda yeni “Gəran-5” zərbə dronundan istifadə etməyə başlayıb. Kəşfiyyatın məlumatına görə, bu dron da əvvəlkilər kimi Rusiyanın öz istehsalı deyil və konstruktiv baxımdan İranın Karrar PUA-sı ilə oxşarlıq təşkil edir.
“Gəran-5” təxminən 6 metr uzunluğa, 5,5 metrə qədər qanad açıqlığına malikdir. Müqayisə üçün qeyd edək ki, “Gəran-2”nin uzunluğu təxminən 3,5 metr, qanad açıqlığı isə 2,5 metrdir.





















