İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin böyük oğlu Rza Pəhləvi İranda davam edən kütləvi etirazlar fonunda ABŞ prezidenti Donald Trampa müraciət edib.
Korrekt.az xəbər verir ki, Rza Pəhləvi Respublikaçı senator Lindsi Qrahamın paylaşımına cavab olaraq X (keçmiş Twitter) sosial şəbəkəsində açıqlama yayımlayıb. O bildirib ki, senator Qrahamın fikirləri doğrudur və Donald Trampın əvvəlki ABŞ prezidenti Barak Obamadan fərqli mövqe nümayiş etdirdiyi açıq şəkildə görünür.
“Prezident Trampın İrandakı etirazçılara verdiyi dəstək mesajları bunu sübut edir. İndi hərəkətə keçməyin vaxtıdır. Prezident Tramp həm hərəkət, həm də sülh adamıdır. O, İran xalqına bu cinayətkar rejimə son qoymaqda kömək etməklə sülhə doğru ən böyük addımı ata bilər”, – deyə Pəhləvi qeyd edib.
O vurğulayıb ki, mövcud rejim zəifləyib və süqut ərəfəsindədir: “Xalq onu devirməyə hazırdır. Onların xarici qoşunlara ehtiyacı yoxdur. Sadəcə azad dünyanın liderindən qətiyyətli və prinsipial addımlar gözləyirlər”.
Rza Pəhləvinin sözlərinə görə, ABŞ-ni və şəxsən prezidenti hədələməkdə davam edən İran rejimi ilə aparılan danışıqlar sülhə gətirib çıxarmayacaq. Əksinə, etirazçılara veriləcək təcili və real dəstək minlərlə insanın həyatını xilas edə və bölgədə uzunmüddətli sülhün bərqərar olmasına töhfə verə bilər.
“Bu, Prezident Trampın tarixi mirası olacaq”, – deyə Rza Pəhləvi əlavə edib.





















