Suriya hökumət qüvvələri axşam saatlarında, təxminən saat 20:00-da, atəşkəs rejiminin qüvvəyə minməsinə bir neçə dəqiqə qalmış Türkiyə üçün xüsusi simvolik əhəmiyyətə malik olan Karakozak kəndinə nəzarəti ələ keçirib. Sözügedən ərazidə daha əvvəl Süleyman Şahın məqbərəsi yerləşirdi.
Korrekt.az xəbər verir ki, 2015-ci ildə Türkiyənin həyata keçirdiyi “Şah Fərat” əməliyyatına qədər Süleyman Şah məqbərəsi məhz Karakozak kəndində yerləşirdi. Suriyada vətəndaş müharibəsinin başlaması və təhlükəsizlik risklərinin artması səbəbindən məqbərə əvvəlcə Cəber qalasından Karakozak kəndinə, daha sonra isə 2015-ci ildə Türkiyə sərhədinə yaxın olan Eşmə kəndinə köçürülüb.
Hazırda Süleyman Şahın məqbərəsi Eşmə kəndində yerləşir və Türkiyə Silahlı Qüvvələri tərəfindən mühafizə olunur. Məlumatlara görə, gələcəkdə məqbərənin yenidən Karakozak kəndinə köçürülməsi ehtimalı da istisna edilmir.
Qeyd edək ki, Süleyman Şah Osmanlı imperiyasının banisi Osman Qazinin babası hesab olunur. Rəvayətlərə görə, o, Fərat çayında boğularaq həlak olub. Məqbərədə Süleyman Şahla yanaşı, onunla birlikdə döyüşmüş iki mühafizəçinin də məzarları yerləşir.





















