ABŞ Prezidenti Donald Tramp Sercio Qorunu ABŞ-ın Hindistandakı yeni səfiri təyin edib. Yeni səfir təkcə Hindistanla deyil, eyni zamanda Cənubi Asiya regionu üzrə də Vaşinqtonun diplomatik fəaliyyətinə cavabdeh olacaq.
Sercio Qorunun əsas vəzifələrindən biri ABŞ ilə Hindistan arasında əməkdaşlığın gücləndirilməsi və son dövrlər yaranmış fikir ayrılıqlarının aradan qaldırılmasıdır. Xüsusilə enerji siyasəti və ticarət məsələləri iki ölkə arasında münasibətlərin əsas mübahisə mövzularından biri olaraq qalır.
Vaşinqton Hindistanın Rusiyadan neft idxalını ya tam dayandırmasını, ya da minimuma endirməsini tələb edir. Lakin Dehli bu çağırışları qəbul etmir. Çünki Hindistan üçün Rusiyadan alınan ucuz neft iqtisadi baxımdan daha sərfəlidir. “The Guardian” qəzetində dərc olunan məqalədə qeyd olunur ki, Rusiya-Ukrayna müharibəsindən sonra Hindistan Rusiyanın ikinci ən böyük neft alıcısına çevrilib. Müharibəyə qədər isə Hindistan əsasən ərəb ölkələrindən neft idxal edir və Rusiyadan demək olar ki, neft almırdı.
Avropa ölkələrinin sanksiyalar səbəbindən Rusiya neftindən imtina etməsi Moskvanı Çin və Hindistan bazarlarına yönəldib. Rusiya bu ölkələrə nefti daha ucuz qiymətə təklif edib ki, bu da Pekin və Dehli üçün iqtisadi baxımdan əlverişli olub. Lakin Vaşinqton Rusiyadan neft alan ölkələrə təzyiqləri artırmaq qərarı verdikdən sonra vəziyyət dəyişməyə başlayıb. Sanksiya riski ilə üzləşən Hindistanın neft emalı zavodları son aylarda Rusiya neftinin alış həcmini tədricən azaldıblar.
Bununla yanaşı, İran ətrafında artan gərginlik bu dəfə İrandan neft alan ölkələr üçün əlavə risklər yaradıb. Donald Tramp İranla ticarət aparan ölkələrin məhsullarına 25 faiz həcmində gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb. Bu addım enerji bazarlarında yeni gərginlik dalğası yarada bilər.
Digər tərəfdən, ABŞ-la Pakistan arasında münasibətlərin istiləşməsi Dehlidə narahatlıqla qarşılanır. Donald Tramp Hindistan-Pakistan müharibəsinin qarşısını aldığını iddia etsə də, Hindistan bu mövqeyə razılaşmır. Məhz bu ziddiyyətlər fonunda yeni səfirin əsas missiyalarından biri Dehli ilə Vaşinqton arasında yaranmış gərginliyin azaldılması olacaq.
Sercio Qorunun sözlərinə görə, Donald Trampla Hindistanın Baş naziri Narendra Modi arasında mövcud olan şəxsi və dostluq münasibətləri problemlərin həlli üçün əlverişli zəmin yarada bilər. Bununla belə, əsas strateji hədəf ABŞ-la Hindistan arasında genişmiqyaslı ticarət sazişinin imzalanmasına nail olmaqdır. Bu istiqamətdə aparılan danışıqlar hələlik yekun mərhələyə çatmayıb.
Qeyd edək ki, Trampın Hindistana təyin etdiyi yeni səfirin səlahiyyətləri bununla məhdudlaşmır. Sercio Qoru eyni zamanda Cənubi və Mərkəzi Asiya üzrə də diplomatik proseslərə nəzarət edəcək. ABŞ-ın Mərkəzi Asiya ölkələrində ayrıca səfirləri fəaliyyət göstərsə də, Hindistandakı səfir onların fəaliyyətinin koordinasiyasını həyata keçirəcək.
Elxan Şahinoğlu
Politoloq





















