Aprelin 2-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın daxilinə doğru daha bir rekord məsafə qət edərək Başqırdıstanın paytaxtı Ufa şəhərinə hücum edib. Hücum nəticəsində Rusiyanın ən böyük neft emalı komplekslərindən biri və hərbi sənaye müəssisəsi hədəfə alınıb.
Monitorinq kanallarının və “CyberBoroshno” analitik qrupunun məlumatına görə, əsas zərbə “Rosneft”in strukturuna daxil olan “Başneft-Novoyl” zavoduna dəyib. PUA-nın zavodun ən kritik nöqtəsi sayılan AVT-5 qurğusunu vurduğu bildirilir.
Qeyd edək ki, AVT (Atmosfer-Vakuum Distillə) qurğusu neft emalı zavodunun “başlanğıc nöqtəsidir”. Bu qurğu sıradan çıxarsa, xam neftin sonrakı emal mərhələlərinə (benzin, dizel və s. istehsalına) keçməsi texniki olaraq qeyri-mümkündür.
Başqırdıstan rəhbəri Radiy Xabirov bəzi PUA-ların vurulduğunu desə də, sənaye zonasında yanğının baş verdiyini etiraf edib. Qeyd edək ki, bu zavod 2025-ci ilin sentyabrında da bənzər hücuma məruz qalmışdı.
Ufanın Qafuri küçəsindəki çoxmərtəbəli yaşayış binasına da dron zərbəsi endirilib. Bir neçə mənzildə güclü yanğın baş versə də, rəsmi məlumatlara görə xəsarət alan olmayıb.
Lakin ASTRA teleqram kanalının OSINT analizlərinə görə, PUA-nın düşdüyü binanın bir neçə addımlığında “Rostex”ə məxsus “Ufa Aqreqat İstehsalat Birliyi” yerləşir. Bu zavod qırıcı təyyarələr üçün komponentlər istehsal edir və ABŞ, Aİ, həmçinin Böyük Britaniyanın sanksiya siyahısındadır. Güman edilir ki, Ukrayna PUA-sının əsl hədəfi məhz bu hərbi müəssisə olub.
Rusiya Müdafiə Nazirliyi aprelin 2-nə keçən gecə ümumilikdə 147 Ukrayna PUA-sının vurulduğunu bəyan edib. Bildirilir ki, Başqırdıstanla yanaşı, digər sərhədyanı və daxili vilayətlər üzərində də intensiv hava hücumundan müdafiə döyüşləri gedib.Analitiklər qeyd edirlər ki, Ukraynanın Ufa kimi uzaq məsafədə yerləşən strateji enerji və hərbi qovşaqları vura bilməsi Rusiyanın logistika və yanacaq təminatına ciddi zərbə vurmaqla yanaşı, cəbhə arxasındakı təhlükəsizlik mühitini tamamilə dəyişir.





















