Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Auqust Hanninq casusluq və dövlətə xəyanətə cəhd, eləcə də xarici dövlətin maraqları naminə kəşfiyyat fəaliyyəti aparmaq şübhəsi ilə saxlanılıb.
Almaniyanın Federal Prokurorluğunun məlumatına görə, Hanninq 1998–2005-ci illərdə BND-yə rəhbərlik edib. Daha sonra Almaniya Daxili İşlər Nazirliyində dövlət katibi vəzifəsində çalışıb.
İş üzrə digər şübhəli şəxs Manfred D. isə Hanninq və ondan sonrakı BND rəhbərlərinin dövründə, 2026-cı ilin martınadək xidmətin aparat rəhbəri olub. O, casusluqda və dövlətə xəyanətə cəhddə Hanninqə yardım etməkdə şübhəli bilinir.
İstintaqın versiyasına əsasən, 2010-cu ilin yazında Hanninq və Manfred D. arasında razılaşma əldə olunub. Buna görə Manfred D. pul müqabilində BND-nin kəşfiyyat məlumatlarını Hanninqə ötürməli, keçmiş rəhbər isə həmin sənədlərdən özəl məsləhətçilik fəaliyyətində istifadə etməli idi.
Müstəntiqlərin məlumatına görə, Hanninqə ümumilikdə 2 minə yaxın sənəd ötürülüb və onların əhəmiyyətli hissəsi məxfi məlumatlardan ibarət olub.
Almaniyanın “Bild” nəşrinin araşdırmasına görə, Hanninqin məxfi sənədlər əsasında hazırladığı analitik materialların Azərbaycan kəşfiyyat xidməti üçün nəzərdə tutulduğu ehtimal edilir.
İddialara əsasən, Hanninq xarici kəşfiyyat əməkdaşı üçün analitik arayış hazırlayarkən BND-dən əldə etdiyi məxfi məlumatlardan istifadə edib. O, həmçinin başqa bir xarici kəşfiyyat xidmətinin nümayəndəsi ilə əlaqə saxlayaraq həmin şəxsə qismən Manfred D.-dən aldığı materiallara əsaslanan siyasi məlumatlar ötürüb.
Hazırda Almaniya istintaqı məxfi məlumatların Azərbaycana ötürülüb-ötürülmədiyini araşdırır. “Bild” yazır ki, Hanninqin Azərbaycan xüsusi xidmət orqanları ilə mümkün əlaqələrinə dair şübhələr artır.
Nəşr həmçinin xatırladır ki, Hanninq daha əvvəl Almaniya–Azərbaycan Forumunun idarə heyətinin üzvü olub.
Hanninqin hansı xarici dövlətin xeyrinə casusluq etdiyi rəsmi şəkildə açıqlanmayıb. Onun müxtəlif ölkələrdə təhlükəsizlik və biznes sahəsində məsləhətçi kimi çalışdığı, Rusiya və Çinin dövlət qurumları ilə əlaqələrinin olduğu bildirilir.
“The Insider” nəşrinin məlumatına görə, Hanninq 2015–2019-cu illər ərzində Rusiyaya yeddi dəfə səfər edib. Onun bəzi səfərlərinin bir sutkadan az davam etdiyi qeyd olunur.
Keçmiş BND rəhbəri oktyabrın 6-da səhər saatlarında Münster şəhərində saxlanılıb. Həmin şəhərdə, Berlində və Manfred D.-nin Bavariyadakı evində axtarışlar aparılıb.
“Deutsche Welle” hadisəni Almaniyada bu əsrin ən böyük casusluq qalmaqallarından biri kimi qiymətləndirib. Bildirilir ki, araşdırma 2025-ci ilin sentyabrında sahibkar Kristina Blok və digər şəxslərlə bağlı iş çərçivəsində Hanninqin evində aparılan axtarışdan sonra başlayıb.
Hanninq və Hamburq kriminal polisinin keçmiş əməkdaşı 2022-ci ildə Blokun uşaqlarının oğurlanmasının təşkilində şübhəli bilinirlər.
Bu, BND ilə bağlı ilk casusluq qalmaqalı deyil. 2023-cü ildə Almaniya kəşfiyyatının yüksək rütbəli əməkdaşı Karsten L. dövlət sirri təşkil edən məlumatları Rusiyaya ötürməkdə ittiham olunmuşdu. Prokurorluğun iddiasına görə, o, Ukraynadakı müharibə və “Vaqner” muzdlu dəstəsi barədə məlumatları ötürmək müqabilində təxminən 400 min avro alıb.
Hanninqin həbsi ilə bağlı Azərbaycan tərəfinin də adı hallanıb.
Azərbaycan Respublikası Media və Yayım Şurası xarici mediada yayılan iddialara münasibət bildirərək, Hanninq işi çərçivəsində Azərbaycanın adının hallandırılmasını dezinformasiya adlandırıb.
Şuranın açıqlamasında qeyd olunub ki, bu məlumatlar Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir.
Qurum hesab edir ki, bu cür məlumatların yayılmasında məqsəd son dövrlərdə inkişaf edən Azərbaycan–Almaniya əlaqələrinə xələl gətirməkdir.





















