Ayaz Əliyev bu təyinata qədər İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 1974-cü ildə Mingəçevirdə anadan olan Ayaz Əliyev Mingəçevir Politexnik İnstitutunun İqtisadiyyat və İdarəetmə, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1996-2001-ci illərdə Mingəçevir Politexnik İnstitutunda müəllim işləyən Ayaz Əliyev 2001-2003-cü illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2003-2008-ci illərdə Daxili nəzarət və Daxili audit şöbələrində rəhbər vəzifələrdə fəaliyyət göstərib. Kiçik vergi xidməti müşaviri xüsusi rütbəsinə malikdir.
2008-2014-cü illərdə İqtisadiyyat və Sənaye Nazirliyinin Aparatında şöbə müdiri, 2014-cü ildən Aparat rəhbərinin müavini, 2017-ci ildən isə Aparat rəhbəri vəzifəsində çalışıb.
Ayaz Əliyev 2012-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə medalı”, 2019-cu ildə isə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunub. Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsinə malikdir.
O, ailəlidir və üç övladı var.





















