image-1backend

Heyvan kəsiminə çəki və yaş həddi qoyulur – Ət bazarında QITLIQ yarancaq?

image-ads-728x90

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu yenilik heyvandarlıq sahəsində məsuliyyətin artırılması məqsədi daşısa da, bazarda ət qıtlığı və qiymət artımı ilə bağlı suallar doğurur.

Məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə olunan “Aqrar sahə haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, müəyyən edilmiş çəkiyə çatmamış kənd təsərrüfatı heyvanlarının kəsilməsinə yol verilməyəcək. Heyvanların növləri və cinsləri üzrə kəsim üçün yol verilən minimum çəki və yaş hədlərini isə səlahiyyətli orqan müəyyən edəcək.
Sənəddə heyvandarlıqla, heyvan və heyvan mənşəli məhsulların satışı ilə məşğul olan, eləcə də baytarlıq xidmətləri göstərən fiziki və hüquqi şəxslərin vəzifələri sırasında müəyyən ediləcək çəki və yaş hədlərinə riayət olunması da nəzərdə tutulur.
Layihədə heyvanların daşınması ilə bağlı tələblər də müəyyənləşdirilir. Belə ki, daşınma heyvanların sağlamlığına zərər vurmayan, həmçinin daşınmadan yaranan gərginliyi minimuma endirən üsul və vasitələrlə həyata keçirilməlidir. Maraqlıdır ki, layihədə kəsim üçün konkret minimum çəki və yaş göstəriciləri hələlik açıqlanmayıb. Bu rəqəmlərin sonradan səlahiyyətli orqan tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur.

Bəs heyvanların kəsiminə yaş və çəki məhdudiyyətinin tətbiqi ət bazarına necə təsir göstərə bilər? Bu addım heyvandarlığın inkişafına xidmət edəcək, yoxsa əksinə, ət qıtlığı və qiymət artımı riski yaradacaq?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli  açıqlamasında bildirib ki, minimum çəki və yaş həddinin müəyyənləşdirilməsi ilk növbədə məsuliyyətin artırılması baxımından müsbət addım sayıla bilər. Lakin ekspert hesab edir ki, bu tələb iqtisadi nəticələri nəzərə alınmadan tətbiq edilərsə, əks effekt verə bilər:
“Bu, əslində məsuliyyətin artırılmasını hədəfləyən bir tədbirdir. Amma bu tədbiri kör-koranə şəkildə qanuna salıb, bu qaydanı ciddi şəkildə tətbiq etmək müəyyən problemlərə yol aça bilər. Məsələn, sahibkarın, fermerin xərclərini artıra bilər”.
Ekspertin sözlərinə görə, hazırda əsas problemlərdən biri də fermerlərin xərclərinin yüksək olmasıdır. Heyvanların daha uzun müddət saxlanılması isə bu xərcləri daha da artıraraq son nəticədə ətin qiymətinə təsir göstərə bilər: “Biz də indi nədən şikayətlənirik? Şikayətlənirik ki, fermerin xərcləri çoxdur, ona görə də vaxtaşırı ətin qiyməti bahalaşır, heyvanın baş sayı azalır. Yəni problem budur. Biz heyvanın qulluq müddətini artırmaqla xərcləri bir qədər də artıracağıq. Bu, əks-effekt verə bilər”.

Akif Nəsirli hesab edir ki, yeni tələblərin tətbiqi bazarda qısa müddətli qıtlıq da yarada bilər. Çünki mövcud heyvanların bir hissəsinin müəyyən edilmiş yaş və çəki həddinə çatmasını gözləmək lazım gələcək: “Eyni zamanda, o yeni nəsil, yəni qanunun tələbinə cavab verən yeni nəsil heyvan yetişənə qədər bazarda qıtlıq yarana bilər. O nəsli gözləmək üçün istər-istəməz heyvanların bazara çıxarılması məhdudlaşacaq”.

Ekspertin fikrincə, bu proses ət bazarına iki istiqamətdə təzyiq göstərə bilər – həm heyvandarlıqla məşğul olanların xərcləri artacaq, həm də bazarda təklif müəyyən müddətə azala bilər: “Bu, iki istiqamətdə bazara təzyiq göstərə bilər: bir tərəfdən qıtlıq yarada bilər, digər tərəfdən də fermerlərin, yəni heyvandarlıqla məşğul olanların xərclərini artıra bilər. Bu iki təzyiq altında ətin qiyməti daha sürətlə arta bilər”.

Müsahibimiz vurğulayıb ki, məqsəd bazarda keyfiyyətli və sağlam məhsulun, eləcə də heyvandarlıqda məsuliyyətin artırılmasıdırsa, bunun üçün qərarlar ciddi iqtisadi hesablamalar əsasında qəbul edilməlidir: “Yəni hədəf bolluq yaratmaq olduğu halda əks-effekt verə bilər. Ona görə də bu, ciddi hesablamalar tələb edir və optimal yanaşma lazımdır. Kör-koranə şəkildə qanunu qəbul edib bunu tətbiq etsələr, dediyim iki istiqamətdə təzyiq ətin qiymətinin sürətlə artmasına səbəb ola bilər”.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki