image-3backend

Mərkəzi Asiya ilə Azərbaycanın əlaqələri yüksələn xətlə inkişaf edir

image-ads-728x90

Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı ölkəmizin region dövlətləri ilə son illərdə qurduğu strateji əməkdaşlığın məntiqi nəticələrindən biridir.
Azərbaycanın üzv dövlətlərin yekdil dəstəyi ilə Mərkəzi Asiya və Azərbaycan Məşvərətçi Şurasına sədr seçilməsi isə bu prosesin ən mühüm siyasi nəticələrindən biri sayılmalıdır. Daha mühüm məqam ondan ibarətdir ki, növbəti Zirvə toplantısı Azərbaycanda keçiriləcək. Bu qərar təkcə növbəti tədbirin ünvanının müəyyənləşdirilməsi deyil, həm də Azərbaycanın regional əməkdaşlıqda artan çəkisinə, ölkəmizə göstərilən yüksək etimada və Bakı ilə Mərkəzi Asiya paytaxtları arasında formalaşmış möhkəm tərəfdaşlıq münasibətlərinə verilən siyasi qiymətdir. Azərbaycanın bu platformaya qoşulması əslində uzun illər ərzində aparılan məqsədyönlü xarici siyasətin nəticəsidir. 2018-ci ildə Qazaxıstanın Astana şəhərində əsası qoyulan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü əvvəlcə beş dövlətin əməkdaşlıq formatı kimi formalaşsa da, Azərbaycanın tamhüquqlu iştirakı ilə yeni mərhələyə qədəm qoydu. 2025-ci ilin noyabrında Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu üzv kimi qəbul edilməsi ilə əvvəlki C5 formatı faktiki olaraq C6 əməkdaşlıq modelinə çevrildi. Bu, Azərbaycanın region üçün hansı strateji əhəmiyyətə malik olduğunun mühüm göstəricisidir.
Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyanın bir hissəsi olmasa da, Xəzər dənizinin digər sahilində yerləşən ölkə kimi bu regionla tarixən və geosiyasi baxımdan sıx bağlıdır. Ortaq türk kökləri, tarixi-mədəni yaxınlıq, qarşılıqlı siyasi etimad, iqtisadi əlaqələr və nəqliyyat-kommunikasiya imkanları Azərbaycanı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında təbii əlaqələndirici mərkəzə çevirir. Bu baxımdan Azərbaycanın Məşvərətçi Şuraya sədr seçilməsi tamamilə məntiqli və eyni zamanda ölkəmizin regional nüfuzunun növbəti təsdiqidir.
Burada xüsusi diqqət çəkən məqam Azərbaycanın üzv dövlətlərin yekdil dəstəyi ilə sədr seçilməsidir. Yəni bu qərar yalnız protokol xarakterli seçim deyil. Bu, Mərkəzi Asiya ölkələrinin Azərbaycana olan siyasi etimadının, Prezident İlham Əliyevin həyata keçirdiyi regional siyasətə verdikləri yüksək qiymətin və Bakı ilə münasibətlərdə qarşılıqlı etimadın konkret ifadəsidir. Azərbaycan bu ölkələr üçün yalnız mühüm iqtisadi və nəqliyyat tərəfdaşı deyil, həm də etibarlı siyasi tərəfdaşdır. Sədrliyin Azərbaycana həvalə olunması məhz bu etimadın institusional müstəviyə daşındığını göstərir. Üstəlik, növbəti Zirvə toplantısının Azərbaycanda keçirilməsi ölkəmiz üçün mühüm diplomatik hadisə olacaq. Mərkəzi Asiyanın dövlət başçılarının Bakıda bir araya gəlməsi Azərbaycanı Xəzərin qərb sahilində yerləşən mühüm regional dialoq platformasına çevirəcək. Bu, Bakı üçün həm siyasi, həm iqtisadi, həm də nəqliyyat və enerji gündəmini daha geniş şəkildə təşviq etmək baxımından yeni imkanlar deməkdir. Azərbaycanın sədrliyi dövründə Orta Dəhlizin inkişafı, Xəzər üzərindən daşımaların genişləndirilməsi, logistikanın təkmilləşdirilməsi, enerji və yaşıl enerji layihələri, rəqəmsal transformasiya, investisiya və humanitar əlaqələr kimi istiqamətlərin daha da ön plana çıxması gözlənilir. Əslində Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin bugünkü səviyyəsi təsadüfi deyil. Son illərdə Bakı bütün region ölkələri ilə siyasi dialoqu sistemli şəkildə genişləndirib, qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər intensivləşib, iqtisadi və investisiya əlaqələri dərinləşib. Prezident İlham Əliyevin Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirməsi nəticəsində Azərbaycan həmin dövlətlərin hər biri ilə ikitərəfli əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. İndi bu münasibətlər çoxtərəfli platformada da öz real nəticəsini göstərir.
Bu əməkdaşlığın əsas sütunlarından biri isə nəqliyyatdır. Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında mühüm tranzit imkanları təqdim edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolu infrastrukturu, Ələt qovşağı və digər nəqliyyat imkanları Xəzərin şərq sahilində yerləşən ölkələrlə Avropa arasında əlaqələrin gücləndirilməsinə xidmət edir. Orta Dəhlizin getdikcə daha böyük əhəmiyyət qazanması fonunda Azərbaycan və Mərkəzi Asiya ölkələrinin eyni platformada təmsil olunması bu marşrutun inkişafı üçün əlavə siyasi və institusional imkanlar yaradır. Beləliklə, Xəzərin iki sahilində yerləşən dövlətlər arasında əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır, real iqtisadi və logistika layihələri ilə tamamlanır.
Enerji sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər var. Azərbaycan öz enerji resursları ilə yanaşı, enerji nəqli infrastrukturu və Avropa enerji bazarlarına çıxış imkanları ilə Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaşdır. Xəzər hövzəsində enerji potensialının səmərəli istifadəsi, elektrik enerjisinin və yaşıl enerjinin ixracı, bərpaolunan enerji layihələrinin inkişafı Azərbaycanla Mərkəzi Asiya arasında gələcək əməkdaşlığın ən perspektivli istiqamətlərindəndir.
Burada bir başqa mühüm amil də ortaq tarix və mədəniyyətdir. Azərbaycan və Mərkəzi Asiya xalqlarını birləşdirən tarixi bağlar, türk dünyasının ortaq irsi və mədəni yaxınlıq siyasi və iqtisadi münasibətlərin daha möhkəm təməl üzərində qurulmasına imkan verir. Təhsil, elm, mədəniyyət, turizm və gənclər sahəsində əlaqələrin genişləndirilməsi isə dövlətlər arasında münasibətləri yalnız hökumətlərarası səviyyədə deyil, xalqlar arasında da daha da dərinləşdirir.
Bütün bunların fonunda 2026-cı ilin xüsusi simvolik əhəmiyyəti də var. Bu il həm Azərbaycan Respublikasının, həm də Mərkəzi Asiya dövlətlərinin müstəqillik tarixində 35 illik yubiley mərhələsidir. Son 35 ildə hər bir ölkə öz inkişaf modelini formalaşdırıb, mürəkkəb tarixi-siyasi mərhələlərdən keçərək dövlətçiliyini möhkəmləndirib. Bu illər ərzində əldə edilən sabitlik, təhlükəsizlik, iqtisadi inkişaf və sosial rifah hər bir dövlətin müstəqil inkişaf yolunun mühüm nəticələridir. Bu baxımdan yubiley ilində Azərbaycanın həmin ölkələrlə birlikdə regional əməkdaşlığın əsas platformalarından birinə sədrlik etməsi xüsusi siyasi məna daşıyır.
Azərbaycanın müstəqilliyinin ilk illəri ilə bugünkü Azərbaycan arasında böyük fərq var. Bir vaxtlar ölkəmizin müstəqil dövlət kimi ayaqda qala bilməyəcəyini düşünənlər vardı. Prezident İlham Əliyevin Şuşa forumunda səsləndirdiyi tezis də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Metin Hüseynov – siyasi sərhçi, politoloq



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki