ABŞ Rusiyanın Ukraynaya qarşı müharibəni təhlükəli və anlaşılmaz şəkildə eskalasiya etdiyini bəyan edərək, Moskvanın son raket zərbələrinin Vaşinqtonun sülh təşəbbüslərinə ciddi zərbə vurduğunu bildirib.
Bu barədə ABŞ-ın BMT-dəki səfir müavini Təmmi Brüs Ukraynanın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxışı zamanı açıqlama verib. Korrekt.az xəbər verir ki, məlumatı Associated Press yayıb.
Təmmi Brüs Rusiyanın nüvə başlığı daşımaq imkanına malik olan “Oreşnik” ballistik raketini Ukrayna–Polşa sərhədi yaxınlığında işə salmasını xüsusi olaraq vurğulayıb. Onun sözlərinə görə, ABŞ eyni zamanda Rusiyanın Ukraynanın enerji və mülki infrastrukturuna hücumlarını kəskin şəkildə pisləyir və “şokedici sayda insan tələfatı”ndan dərin narahatlıq ifadə edir.
Bildirilir ki, ötən həftə Rusiya gecə saatlarında yüzlərlə pilotsuz uçuş aparatı və onlarla raketdən istifadə etməklə kütləvi hücum həyata keçirib. Bu hücumlarda Moskva yalnız ikinci dəfə istifadə etdiyi hipersəsli “Oreşnik” raketindən də yararlanıb. Qərb diplomatları bunu NATO üzrə Ukraynanın müttəfiqlərinə açıq mesaj və xəbərdarlıq kimi qiymətləndiriblər.
Hücum ABŞ-ın vasitəçiliyi ilə mümkün sülh sazişi çərçivəsində Ukrayna və onun müttəfiqləri arasında təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlarda müəyyən irəliləyişlərin müşahidə edildiyi bir vaxta təsadüf edib. Eyni zamanda, ABŞ-ın Rusiya neft tankerini ələ keçirməsi və prezident Donald Trampın Moskvaya qarşı sərt sanksiyalara dəstək verdiyini bəyan etməsindən sonra Vaşinqton–Moskva münasibətlərinin gərginləşməsi fonunda baş verib.
Avropa liderləri “Oreşnik” raketindən istifadənin qəbuledilməz eskalasiya olduğunu bildiriblər. Təmmi Brüs Rusiyanın addımlarının müharibənin daha da genişlənməsi və şiddətlənməsi riskini artırdığını qeyd edərək, tərəfləri deeskalasiyaya çağırıb.
O, həmçinin xatırladıb ki, bir il əvvəl Rusiya özü BMT Təhlükəsizlik Şurasında müharibənin dayandırılmasına çağıran qətnaməyə səs verib və Moskvanı bu mövqeyini real addımlarla təsdiqləməyə dəvət edib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya isə çıxışında diplomatik dalanın yaranmasında Ukraynanı günahlandırıb və Kiyev “realist şərtlərlə” danışıqlara razılaşmayana qədər Rusiyanın müharibəni davam etdirəcəyini bildirib.
Ukraynanın BMT-dəki səfiri Andrey Melnik buna cavab olaraq qeyd edib ki, Rusiya məğlubedilməzlik görüntüsü yaratmağa çalışır, halbuki ölkə iqtisadiyyatı zəifləyir, neft gəlirləri isə azalır.
Qeyd edək ki, yanvarın 9-na keçən gecə Rusiya qüvvələri Lvova orta mənzilli “Oreşnik” ballistik raketi ilə zərbə endirib. Ukrayna Hərbi Hava Qüvvələrinin Kommunikasiya İdarəsinin rəisi Yuri İqnatın sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin bu addımla NATO ölkələrini qorxutmağa çalışır.
Eyni zamanda Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Ukrayna ərazisinə yeni kütləvi hücum hazırlayır. Kəşfiyyat məlumatlarına əsasən, bu hücum yaxın günlərdə baş verə bilər.





















