Osmanlı imperiyasında uzun illər hakim olan ənənəyə görə, taxta çıxan yeni sultan hakimiyyət uğrunda mümkün rəqibləri aradan qaldırmaq üçün qardaşlarını öldürürdü. Bu səbəbdən də Osmanlı xanədanının kişi üzvlərinin sayı çox vaxt az olurdu.
Bu ənənənin ən qanlı nümunələrindən biri 1595-ci ildə taxta çıxan III Mehmedin dövrünə təsadüf edir. O, taxta keçdikdən sonra 19 qardaşını edam etdirdi və bununla Osmanlı tarixində rekord sayılan qardaş qətlini həyata keçirdi. Bəzi mənbələrdə onun atasının hamilə cariyələrinin, eləcə də iki yetkin qardaşının hamilə cariyələrinin də öldürüldüyü iddia olunur. III Mehmed sonradan böyük oğlu şahzadə Mahmudu da edam etdirdi.
1603-cü ildə III Mehmed vəfat etdikdən sonra taxta cəmi 13 yaşlı oğlu I Əhməd çıxdı. Rəvayətə görə, şeyxülislam atasının cənazə namazını qılmağa onu dəvət edəndə gənc sultan belə cavab verib:
“Taxt sahibi olmaq üçün 19 qardaşını və bir oğlunu öldürən adam, atam olsa belə, qatildir. Mən qatil bir adamın cənazə namazını qılmaram. Siz qılın və dəfn edin.”
Bu rəvayətin tarixi dəqiqliyi mübahisəli olsa da, I Əhmədin hakimiyyəti dövründə mühüm dəyişiklik baş verdi. O, şahzadələrin sistemli şəkildə öldürülməsi qaydasını ləğv etdi və Osmanlı taxt-tac varisliyində “Əkbər və Ərşəd sistemi” tətbiq olundu.
Bu sistemə əsasən, sultan vəfat etdikdən sonra taxt onun oğluna deyil, xanədanın yaşca ən böyük və dövlət idarə etməyə qadir kişi üzvünə keçirdi. “Əkbər” yaşca böyük, “ərşəd” isə ağlı başında, yetkin və idarəçiliyə qadir şəxs mənasını verirdi.
Lakin taleyin istehzası ondadır ki, bu sistem tətbiq edildikdən qısa müddət sonra taxta yaşca ən böyük, lakin “ərşəd” sayılmayan iki şəxs çıxdı.
1603-cü ildə Osmanlı sülaləsinin cəmi iki kişi üzvü sağ idi: I Əhməd və qardaşı Mustafa. Sultanahmet məscidini tikdirən I Əhməd 1617-ci ildə, cəmi 27 yaşında tif xəstəliyindən vəfat etdi. Onun çoxsaylı oğulları olsa da, yeni qaydaya əsasən taxta qardaşı I Mustafa çıxdı.
Lakin I Mustafanın ciddi psixi problemləri olduğu bildirilirdi. Buna görə də o, cəmi üç ay hakimiyyətdə qaldıqdan sonra taxtdan endirildi və yerinə I Əhmədin oğlu II Osman (Gənc Osman) sultan oldu.
II Osman yeni ordu yaratmaq və dövlət idarəçiliyində islahatlar aparmaq istəyirdi. Bu planlar yeniçərilərin və bəzi nüfuzlu əyanların ciddi müqaviməti ilə qarşılaşdı. Nəticədə 1622-ci ildə II Osman devrildi və ertəsi gün amansızcasına qətlə yetirildi.
Bundan sonra taxta yenidən I Mustafa çıxarıldı. Beləliklə, o, Osmanlı tarixində iki dəfə taxta çıxan və iki dəfə devrilən yeganə sultan oldu. Lakin onun ikinci hakimiyyəti də uzun çəkmədi və təxminən 16 aydan sonra yenidən taxtdan salındı.
Hakimiyyət I Əhmədin digər oğlu IV Murada keçdi. Qardaş qətli rəsmi şəkildə ləğv olunsa da, bu ənənə tamamilə aradan qalxmadı. Sultanlar siyasi təhlükə gördükləri qardaşlarını yenə də öldürürdülər.
Belə ki, I Əhmədin ikinci oğlu Mehmed 1621-ci ildə II Osman tərəfindən, Bayezid və Süleyman 1635-ci ildə IV Muradın əmri ilə, Kasım isə 1638-ci ildə yenə IV Murad tərəfindən edam etdirildi.
İki dəfə taxtdan salınan I Mustafa isə heç vaxt ailə qurmadı və övladı olmadı. O, 1639-cu ildə vəfat etdi. Bəzi mənbələr onun IV Muradın əmri ilə öldürüldüyünü iddia edir.
IV Muradın özünün də 15-ə yaxın oğlunun olduğu söylənilsə də, onların hamısı atalarının sağlığında, körpə yaşlarında vəfat etmişdi. Beləliklə, onun hakimiyyətinin son illərində Osmanlı xanədanında yenidən cəmi iki kişi üzvü qalmışdı: IV Murad və qardaşı İbrahim.
Rəvayətlərə görə, sirroz xəstəliyindən əziyyət çəkən və cəmi 27 yaşında vəfat edən IV Murad ölümündən əvvəl qardaşı İbrahimin də öldürülməsini əmr etmişdi. Bu əmr yerinə yetirilsəydi, Osmanlı sülaləsinin kişi xətti tamamilə kəsilə bilərdi.
Bəzi tarixçilər iddia edirlər ki, IV Murad qardaşının dövlət idarə etməyə yararsız olduğunu düşündüyü üçün gələcəkdə taxta Krım xanlarının Gəraylar sülaləsindən bir nümayəndənin çıxmasını istəyirdi. Lakin bu barədə qəti tarixi sübut yoxdur.
Nəticədə IV Muradın əmri icra edilmədi və onun ölümündən sonra I İbrahim taxta çıxdı. O, səkkiz il hakimiyyətdə qaldıqdan sonra devrildi və öldürüldü. Lakin artıq Osmanlı xanədanının davamını təmin edəcək oğulları var idi. Onlardan IV Mehmed, II Süleyman və II Əhməd sonrakı illərdə ardıcıl olaraq Osmanlı taxtına çıxdılar.
Yadigar Sadıqlı





















