Böyük Britaniya hökuməti Rusiyanın “kölgə donanması”na aid yüzlərlə gəminin ələ keçirilməsi üçün hüquqi əsas müəyyən edib. Korrekt.az xəbər verir ki, bu barədə The Times nəşri məlumat yayıb.
Məlumata görə, britaniyalı rəsmilər 2018-ci il tarixli Sanksiyalar və Çirkli Pulların Yuyulması haqqında Qanun çərçivəsində hərbçilərə neft tankerlərinə minmək və onları saxlamasına icazə verən hüquqi mexanizmlərin mövcud olduğunu hesab edirlər. Qəzet yazır ki, bu cür əməliyyatların hədəfi sanksiyalara məruz qalan və saxta bayraqlar altında üzən istənilən gəmi ola bilər.
Belə reydlərdə Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinin, Kral Hərbi Hava Qüvvələrinin, xüsusi təyinatlıların və NATO üzrə müttəfiqlərin iştirakı istisna edilmir.
Ümumilikdə Böyük Britaniya dünya üzrə Rusiya “kölgə donanması” vasitəsilə neft daşımaları ilə əlaqəli olan 520 gəmiyə qarşı sanksiya tətbiq edib. Bildirilir ki, Kremlin ötən il bu yolla müharibəni maliyyələşdirmək üçün təxminən 100 milyard funt sterlinq qazanc əldə edib.
Qeyd olunur ki, bu gəmilərin bir çoxu başqa ölkələrin bayraqları altında fəaliyyət göstərir ki, bu da onları hərbi əməliyyatlar üçün potensial hədəfə çevirir. Keçən ay “kölgə donanması”na məxsus bəzi gəmilər ABŞ tərəfindən saxlanılmaq qorxusu ilə tələsik Rusiya bayrağına keçiblər.
Belə gəmilərdən biri – “Marinera” adlı tanker ABŞ tərəfindən Venesuela, Rusiya və İran üçün neft daşıdığına görə saxlanılıb. Həmin əməliyyatda Böyük Britaniya da iştirak edib.
“The Times” yazır ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları Navy SEALs helikopterlərdən tankerin göyərtəsinə enərək ekipajı ələ keçirən zaman Britaniyanın kəşfiyyat təyyarələri və dəstək gəmiləri əməliyyata yardım göstərib. Əməliyyata həmçinin iki Arleigh Burke sinifli ABŞ esminesi, F-35 qırıcıları və AC-130J döyüş təyyarələri dəstək verib.
Hazırda Böyük Britaniya hərbçiləri “kölgə donanması”na məxsus gəmilərə qarşı birbaşa reydlər həyata keçirməyib. Lakin son həftələr ölkənin Müdafiə Nazirliyində bu cür hərbi müdaxiləni əsaslandıra biləcək tədbirlərin araşdırıldığı bildirilir.





















