ABŞ Prezidenti Donald Tramp Qəzzanın yenidən bərpası və idarə olunması ilə bağlı təsis etdiyi “Sülh Şurası”na müxtəlif dövlətləri üzv olmağa dəvət edib. Ağ Ev rəhbəri üzvlüyün ödənişsiz olmayacağına qərar verib. Belə ki, “Sülh Şurası”na üzv olmaq istəyən hər bir dövlət 1 milyard dollar ianə ödəməlidir. Bildirilir ki, toplanan maliyyə vəsaitləri Qəzzanın yenidən qurulmasına yönəldiləcək.
Bununla yanaşı, üzv dövlətlərə bu məbləği ödəmək üçün 3 illik möhlət veriləcək. Donald Tramp artıq dəvət məktublarını müxtəlif ölkələrə göndərməyə başlayıb.
Məlumata görə, üzvlük haqqının kifayət qədər yüksək olmasına baxmayaraq, gəlirləri nisbətən az olan bəzi ölkələr də “Sülh Şurası”na qoşulmaq niyyətindədirlər. Məsələn, Macarıstan və Vyetnam Trampın dəvətinə müsbət cavab veriblər. Dəvətə razılıq verən ölkələr arasında Türkiyə, Avstraliya, İordaniya, Yunanıstan, Pakistan, Kanada, Misir, Paraqvay, Argentina və Albaniya da var.
Bununla yanaşı, bəzi ölkələr hələlik dəvətə cavab verməyiblər. Məsələn, Tramp Hindistanı da “Sülh Şurası”na üzvlüyə dəvət edib, lakin Dehli bu çağırışa hələ reaksiya verməyib. Bunun səbəbi kimi Vaşinqtonun Hindistan məhsullarına tətbiq etməyi planlaşdırdığı yüksək gömrük rüsumları göstərilir. İki ölkə arasında ticarət sazişi hələ imzalanmayıb. Məsələnin müsbət həll olunacağı təqdirdə Hindistanın da “Sülh Şurası”na üzv olması istisna edilmir.
Məlumata görə, Donald Tramp Rusiya və Çinə isə dəvət göndərməyib.
ABŞ Prezidentinin “Sülh Şurası”nı yaratması və müxtəlif ölkələri üzvlüyə dəvət etməsi İsrailin baş naziri Benyamin Netanyahu ilə razılaşdırılmayıb. Bu da Təl-Əvivin narazılığına səbəb olub. Xüsusilə Netanyahu Türkiyənin “Sülh Şurası”na üzv olmasını istəmir. Buna baxmayaraq, Ağ Ev Qəzzanın bərpasında Türkiyənin iştirakının vacibliyini anlayır. Türkiyənin prosesdən kənarda qalması ABŞ–Türkiyə münasibətlərinə mənfi təsir göstərə bilərdi. Ankaranın “Sülh Şurası”nda yer alması isə İsraili Türkiyə ilə münasibətləri normallaşdırmaq zərurəti ilə üz-üzə qoyur.
Bəs Azərbaycanın “Sülh Şurası”na üzv olması mümkündürmü? ABŞ Prezidentinin bu məsələ ilə bağlı Bakıya rəsmi dəvət göndərdiyi barədə məlumat yoxdur. Halbuki Donald Tramp ötən ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevi Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət etmişdi. Bundan əlavə, Vaşinqton Azərbaycanın Qəzzada sülhməramlı missiyada iştirak etməsini də istəmişdi.
Azərbaycan Prezidenti bu ilin yanvar ayında yerli televiziya kanallarına verdiyi geniş müsahibəsində ölkənin Qəzzada sülhməramlı missiyada iştirak etməyəcəyini açıqlayıb. Buna baxmayaraq, gələcəkdə Azərbaycanın “Sülh Şurası”nda iştirakı istisna edilmir. Rəsmi Bakının mövqeyinə Tramp administrasiyasının “Sülh Şurası”nın mandatını digər münaqişə bölgələrinə də genişləndirmək və onu BMT-yə alternativ platformaya çevirmək planları təsir göstərə bilər.
Elxan Şahinoğlu
Politoloq





















