image-img-20260118-wa0096backend

20 Yanvar — Azərbaycan xalqının milli yaddaşı və qürur tarixidir

image-ads-728x90

20 Yanvar faciəsi Azərbaycan xalqının müasir tarixində dərin iz buraxmış, milli iradənin, azadlıq və müstəqillik uğrunda mübarizənin rəmzinə çevrilmişdir. Bu tarix təkcə böyük bir faciə deyil, eyni zamanda xalqımızın sarsılmaz ruhunun, birlik və ləyaqətinin parlaq təzahürüdür.

1990-cı il yanvarın 20-də günahsız dinc əhaliyə qarşı törədilmiş qanlı hadisələr nəticəsində yüzlərlə insan şəhid olmuş, minlərlə vətəndaş yaralanmışdır. Azərbaycan xalqı həmin gecə öz azadlıq iradəsini, milli şərəfini və dövlətçilik yolunda qətiyyətini bütün dünyaya nümayiş etdirmişdir.

Özbəkistanda yaşayan Azərbaycan diasporu olaraq biz bu günü hər il böyük ehtiram və məsuliyyət hissi ilə yad edirik. 20 Yanvar şəhidlərinin xatirəsi diasporumuz üçün müqəddəsdir və heç vaxt unudulmur. Hər il bu tarix münasibətilə anım tədbirləri, maarifləndirici görüşlər, dəyirmi masalar və xatirə mərasimləri təşkil olunur, gənc nəslə 20 Yanvar hadisələrinin tarixi və mənəvi əhəmiyyəti aşılanır.

Diasporumuzun əsas məqsədi yalnız anmaq deyil, həm də bu faciənin beynəlxalq ictimaiyyətə düzgün və obyektiv şəkildə çatdırılmasıdır. Bu baxımdan Özbəkistanda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları yerli ictimaiyyət, media nümayəndələri və dost xalqların nümayəndələri ilə sıx əməkdaşlıq edərək, 20 Yanvar həqiqətlərinin təbliğini davamlı şəkildə həyata keçirir.
20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycan xalqının milli kimliyinin ayrılmaz hissəsidir. Onların fədakarlığı bu gün müstəqil Azərbaycanın mövcudluğunun, güclü dövlətçilik ənənələrinin və gələcəyə inamla addımlayan xalqın əsas dayaqlarındandır.
Özbəkistanda yaşayan soydaşlarımız bir daha bəyan edirlər ki, harada yaşamağımızdan asılı olmayaraq, Vətənimizin tarixi taleyinə biganə deyilik. 20 Yanvar şəhidlərinin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onların göstərdiyi yol Azərbaycan xalqı üçün əbədi yol göstəricisi olacaqdır.
Şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik.

Mobil Məmmədov
Özbəkistanda RAzMMM
idarə heyətinin sədri



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki