ABŞ Venesuelaya məxsus xam neftin ilk partiyalarını satışa çıxarıb. Reuters agentliyinin məlumatına görə, satılan neftin dəyəri təxminən 500 milyon dollar təşkil edir. Bu satış Vaşinqtonla Karakas arasında bu ayın əvvəlində əldə olunan 2 milyard dollarlıq razılaşmanın tərkib hissəsidir.
Korrekt.az xəbər verir ki, agentlik ABŞ administrasiyasındakı mənbəyə istinadən bildirir ki, yaxın günlərdə və həftələrdə Venesuela neftinin əlavə partiyalarının da satışa çıxarılması gözlənilir. İlk satışlardan əldə olunan gəlirlər ABŞ hökumətinin nəzarətində olan bank hesablarında saxlanılır.
Enerji sektorundakı mənbənin sözlərinə görə, əsas hesab Qətərdə yerləşir. Mənbə bildirib ki, Qətər neytral ərazi hesab olunur və vəsaitlər ABŞ-ın razılığı ilə müsadirə riski olmadan hərəkət etdirilə bilər.
Xatırladaq ki, 7 yanvar tarixində ABŞ hökuməti Venesuelaya məxsus xam neftin dünya bazarlarında satışına başlanıldığını elan etmişdi. Məlumata görə, ümumilikdə 30–50 milyon barel neftin satılması planlaşdırılır. ABŞ Energetika Nazirliyi açıqlayıb ki, Venesuela xam nefti və neft məhsullarının satışından əldə edilən bütün gəlirlər ilkin mərhələdə Vaşinqtonun nəzarətində olan, beynəlxalq səviyyədə tanınmış banklardakı hesablara köçürüləcək.
Bu arada, 15 yanvar tarixində neft qiymətləri kəskin şəkildə ucuzlaşıb. Buna səbəb ABŞ Prezidenti Donald Trampın İranda ümummilli etirazların yatırılması zamanı baş verən qətllərin dayandırıldığını bəyan etməsi olub.





















