image-1backend

İranda hakimiyyət SAVAŞI: –Farslar niyə Pəhləvini arzu edir?

image-ads-728x90

İranda son dövrlər cəmiyyətin diqqətini çəkən və ciddi ziddiyyətlər doğuran siyasi mənzərə formalaşıb. Ölkə əhalisinin bir hissəsi, əsasən farslardan ibarət çevrələr şahın oğlu Rza Pəhləvinin yenidən hakimiyyətə qayıtmasını dəstəklədiyini açıq şəkildə ifadə edir. Lakin İran cəmiyyətinin təxminən 65 faizini təşkil edən qeyri-fars xalqlar bu ehtimalı ölkənin gələcəyi üçün təhlükəli, hətta dağıdıcı bir ssenari kimi dəyərləndirirlər.

Xüsusilə 30 milyondan artıq Azərbaycan türkünün, eləcə də digər türk xalqlarının və türkmənlərin səsləndirdiyi “Azərbaycan şərəfdir, Pəhləvi bişərəftdir!” şüarı təsadüfi yaranmayıb. Bu ifadənin arxasında şah dövründə qeyri-fars xalqların üzləşdiyi sistemli ayrı-seçkilik, mədəni basqılar və siyasi təzyiqlərlə bağlı dərin tarixi yaddaş dayanır.

Şah hakimiyyəti illərində İranın siyasi, hərbi və iqtisadi idarəçiliyi faktiki olaraq fars elitasının əlində cəmlənmişdi. Dövlətin əsas strukturlarında qərarverici mövqelər farslara məxsus idi və onlar ölkənin imtiyazlı təbəqəsi kimi formalaşdırılmışdılar. 1979-cu il inqilabından sonra qurulan molla rejimi bu imtiyazların bir hissəsini farsların əlindən aldı. Məhz bu proses fars millətçiliyinin yenidən güclənməsinə zəmin yaratdı. Bu gün Rza Pəhləviyə verilən dəstəyin arxasında da bəzi çevrələrin farsların yenidən üstün mövqeyə qayıtması arzusunun dayandığı iddia olunur.

Bununla belə, əsas sual açıq qalır: bu ssenari reallaşa bilərmi? Mütəxəssislərin fikrincə, Rza Pəhləvinin real idarəçilik təcrübəsinin olmaması və İranın mürəkkəb etnik-siyasi quruluşunu nəzərə almaması ölkəni daha dərin böhrana sürükləyə bilər. Hətta ABŞ prezidenti Donald Trampın belə Rza Pəhləvinin liderlik potensialına skeptik yanaşdığı və onun İranı çıxılmaz vəziyyətə sala biləcəyini açıq şəkildə ifadə etdiyi bildirilir.

Mövcud mənzərə onu göstərir ki, Rza Pəhləvini dəstəkləyənlər İran əhalisinin təxminən 20–30 faizini təşkil edir və bu dəstək əsasən farslar arasında cəmlənib. Şah dövründə təzyiq və ayrı-seçkilik yaşamış qeyri-fars xalqlar isə monarxiya idarə üsuluna qayıdışı qəbul etmək istəmirlər.

Bu vəziyyətdə daha bir mühüm sual gündəmə gəlir: İranda alternativ siyasi lider kim ola bilər? Diqqətlər getdikcə müxalifətin müxtəlif simalarına yönəlsə də, hazırda nə ölkə daxilində, nə də diasporada cəmiyyəti bir araya gətirə biləcək, bütün etnik qruplar tərəfindən qəbul edilən vahid lider fiquru görünmür.

Reallıq onu göstərir ki, İranda siyasi dəyişikliklərlə bağlı suallar çoxdur, lakin bu suallara veriləcək aydın və qəti cavablar hələ də ortada yoxdur.

Qoşqar Salmanlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki