İqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Arzuman Muradlı neftin qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatı üçün ciddi təhlükə yaratmadığını bildirib.
Arzuman Muradlı saytımıza açıqlamasında qeyd edib ki, Azərbaycan iqtisadiyyatı artıq təkcə neftdən asılı deyil. “Bu gün neftin bir neçə dollar aşağı və ya yuxarı olması Azərbaycan iqtisadiyyatına ciddi təsir edə bilməz. Çünki ölkəmiz həm də Şərqi Avropa və regionun əsas qaz təminatçısıdır,” – deyə ekspert vurğulayıb.
İqtisadçı əlavə edib ki, Azərbaycan hazırda neft və qazdan başqa, kənd təsərrüfatı məhsulları, hərbi sənaye və dənizdə istifadə edilən ehtiyat hissələri də ixrac edir. Son illərdə isə ölkədə müxtəlif istehsal zavodları açılaraq iqtisadiyyatın diversifikasiyası istiqamətində ciddi addımlar atılıb.
“Məsələn, dünyanın ən yaxşı suyu olan İsti-su artıq bir çox ölkəyə ixrac olunur. Həmçinin, Azərbaycan bir çox ölkəyə qida məhsulları da ixrac edir,” – deyə Arzuman Muradlı bildirib.
Ekspertin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı mütəmadi olaraq inkişaf edir və gələcəkdə daha da güclənəcək.






















